REGİONLAR


Lerikdə yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə edilib

A+ A

Lerik, 8 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Lerik Rayon Mədəniyyət Mərkəzində keçirilən təhsil işçilərinin ənənəvi sentyabr konfransında 2015/2016-cı tədris ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək rayonda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışıb.

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun şöbə müdiri Pirəli Əliyev çıxışında təhsil sahəsində aparılan islahatlardan söz açıb, yeni dərs ilində qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini bildirib.

Konfransda Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun 2015/2016-cı tədris ilinin yekunlarına dair hesabat məruzəsi dinlənilib.

Qeyd olunub ki, bu il rayonun ümumtəhsil müəssisələri üzrə 459 nəfər on birinci, 639 nəfər isə doqquzuncu sinfi bitirib. Məzunlardan 118 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Onların 13 nəfəri qəbul imtahanları zamanı 500-dən yuxarı, 1 nəfəri 670 bal toplayıb. 98 məzun isə ümumi orta və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Bildirilib ki, ötən tədris ilində rayonun məktəbliləri respublika müsabiqələrində, fənn olimpiadalarında, idman yarışlarında uğurla iştirak edərək bir sıra nailiyyətlər qazanıblar.

Hesabat məruzəsində, həmçinin təhsil müəssisələrində yeni tədris ilinə hazırlıqla bağlı görülən işlərdən bəhs edilib, qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Konfransda çıxış edənlər ötən tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb, rayonun təhsil işçilərinə yeni dərs ilində daha yüksək nailiyyətlər arzulayıblar.

Lerik şəhər 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Rusif Nəzərli, həmin məktəbin məzunu İlahə Rəcəbzadə çıxış edərək qazandıqları uğurlarda təhsil aldıqları məktəbin və müəllimlərinin rolunun böyük olduğunu vurğulayıblar. Onlar ali məktəbdə təhsil aldıqları dövrdə rayonun adını daim ucaldacaqlarını bildiriblər.

Daha sonra konfransın qətnaməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Tədbirin sonunda tədrisdə fərqlənən bir qrup təhsil işçisinə rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin fəxri fərmanları, ali təhsil müəssisələrinə qəbul imtahanları zamanı yüksək nəticələr göstərmiş məzunlara isə qiymətli hədiyyələr və mükafatlar verilib.

Konfrans işini bölmə iclaslarında davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.