DÜNYA
Litvada İkinci Dünya müharibəsində nasistlərdən qaçmaq üçün qazılan tunel tapılıb
Vilnüs, 30 iyun, AZƏRTAC
Litvada beynəlxalq tədqiqat qrupunun heyətində olan arxeoloqlar İkinci Dünya müharibəsi dövründə nasistlərdən qaçmağa çalışan məhbus yəhudilər tərəfindən qazılmış tunel aşkar ediblər. Uzunluğu 35 metr olan tunel Ponara qəsəbəsi yaxınlığındakı meşədə tapılıb.
Jurnalistlər dəqiqləşdirirlər ki, məhz bu qəsəbədə yəhudilər, sovet hərbi əsirləri və müqavimət hərəkatı iştirakçıları nasistlər tərəfindən kütləvi şəkildə güllələniblər. Ponara meşəsində ümumilikdə 100 mindən çox adam qətlə yetirilib.
Mənbənin məlumatına görə, tunel nasist həbs düşərgələrindəki dustaqlar tərəfindən qazılıb. Onları Ponaraya güllələnmiş adamların cəsədlərini yandırmaq üçün gətirirdilər. Dustaqların tunel qazmaq üçün heç bir aləti olmayıb və tuneli əl ilə qazıblar.
Tuneli qazan 80 məhbusdan yalnız 11-i nasistlərdən xilas ola bilib. Cinayətin izlərini gizlətməyə çalışan nasistlər yəhudi dustaqları cəsədləri torpaqdan qazıb çıxarmağa, dövrəsinə quru odun düzüb üstünə yağ tökərək yandırmağa məcbur ediblər. Cəsədlərin yandırılması 1943-cü ilin sonundan 1944-cü ilin iyun ayına qədər davam edib.
1944-cü ilin yayında almanların Baltikyanı respublikalardan və digər işğal edilmiş ərazilərdən geri çəkilməsi ilə əlaqədar düşərgələrdəki yəhudilər hissə-hissə güllələnib, bir hissəsi isə Almaniyanın həbs düşərgələrinə göndərilib.
Vilnüsün yaxınlığında yerləşən Ponara qəsəbəsində İkinci Dünya müharibəsi dövrünün qardaşlıq qəbiristanlığı yerləşir. Burada 30 minədək adam dəfn olunub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs