REGİONLAR
Masallıda Respublika Günü qeyd olunub
Masallı, 27 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 27-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ay müddətində dövlət quruculuğu sahəsində gördüyü işlərdən danışılıb.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, 1918-ci il mayın 28-də müsəlman şərqində ilk demokratik respublikanın Azərbaycanda yaradılması ölkəmizin dövlətçiliyi tarixində mühüm mərhələdir. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra da xalqımızın azadlıq mübarizəsi davam edib. 70 ildən sonra ölkəmiz yenidən dövlət müstəqilliyinə qovuşub.
Konfransda Masallı Dövlət Regional Kollecin direktoru Vidadi Nəzərovun Respublika Günü ilə bağlı məruzəsi dinlənilib.
Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, Mərkəzi Rayon Xəstəxanasının həkimi Cahan Mustafayeva, Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin müəllimi Sübhan Şiriyev və başqaları çıxışlarında xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı şərəfli mübarizədən, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə qazanılmış dövlətçilik təcrübəsindən danışaraq, ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun artmasını Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi kimi dəyərləndiriblər.