ELM VƏ TƏHSİL
Məktəblilərə dərslərdə coğrafi informasiya sistemlərinin tətbiqi öyrədilir
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində “Ümumtəhsil məktəblərində coğrafiya fənninin tədrisində coğrafi informasiya sistemlərinin tətbiqi” layihəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi çərçivəsində hazırlanan layihənin ideya müəllifi informasiya sistemləri mütəxəssisi Samir Vəlizadə, rəhbəri Bakıdakı 78 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalovdur. Tədbirdə M.Zeynalov bildirib ki, layihənin məqsədi Azərbaycanın orta ümumtəhsil məktəblərində coğrafiya fənninin tədrisi zamanı şagirdlərə coğrafi informasiya sistemləri texnologiyalarının öyrədilməsi, fənnin praktiki olaraq mənimsənilməsidir.
Qeyd edilib ki, layihə paytaxtın 78 nömrəli tam orta məktəbinin VIII və IX siniflərində həyata keçirilib və uğurlu nəticələr əldə olunub. Belə ki, şagirdlər kompüterlərdə tapşırıqları yerinə yetirərək fənnin nəzəri mövzularını (xəritə, şərti işarə, horizontal, relyef və s.) tətbiqi şəkildə öyrəniblər. Layihənin reallaşdırılmasında Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları yaxından iştirak ediblər.
S.Vəlizadə və digər çıxış edənlər də layihənin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, müasir dövrdə coğrafiya fənninin yüksək səviyyədə tədrisi əsasən coğrafi informasiya sistemləri texnologiyaları ilə aparılır. Təbiətin, kosmosun və müxtəlif məkan xüsusiyyətlərinə malik ərazilərin öyrənilməsi və tədrisində coğrafi informasiya sistemləri səmərəli vasitədir.
Tədbirdə layihə çərçivəsində məktəbdə keçirilmiş təlimləri əks etdirən videoçarx göstərilib.
Sonra təlimlərdə uğur qazanan şagirdlər mükafatlandırılıblar.