DÜNYA
Moldova prezidenti seçkilərində MDB-nin müşahidəçilər missiyasının formalaşdırılması tamamlanıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Birliyin Minskdəki mənzil-qərargahında AZƏRTAC-a verilən məlumata görə, Moldova Respublikası prezidenti seçkilərində MDB-nin müşahidəçilər missiyasının formalaşdırılması başa çatıb. Missiyanın heyətinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası və qurumun digər ölkələrini, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası (PAA) və MDB İcraiyyə Komitəsini təmsil edən 69 müşahidəçi daxil olub.
Müşahidəçilər arasında milli parlamentlərin deputatları, Birlik ölkələrinin seçki komissiyalarının, diplomatik korpusun nümayəndələri var. Onların tərkibindən qruplar formalaşdırılacaq, səsvermə ərəfəsində və səsvermə günü Moldovanın seçki dairələrində iş qaydası müəyyən ediləcək.
Missiya ekspertləri MDB PAA-nın Beynəlxalq Demokratiyanın, Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi İnstitutu ilə birlikdə Moldova Respublikasının seçki qanunvericiliyinin təhlilini başa çatdırıb. Onun nəticələri Moldova Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq oktyabrın 30-da seçkilərdən sonra açıqlanacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk