ELM VƏ TƏHSİL
Muzeydə layihə çərçivəsində “dəyirmi masa” keçirilib
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Tarix fənninin başqa fənlərə inteqrasiyası (muzey eksponatları əsasında)” layihəsi çərçivəsində Bakı şəhərinin müxtəlif rayonlarının məktəb direktorlarının iştirakı ilə “dəyirmi masa” keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun direktoru, akademik Nailə Vəlixanlı layihə haqqında məlumat verib. Qeyd edib ki, əsas vəzifələrimizdən biri milli dəyərlərimizə sahib olacaq şəxsiyyətlər yetişdirmək, gənclərimizi vətənpərvər ruhda böyütməkdir. Hər bir şagird vətəninə layiq insan olması üçün tarixini bilməlidir.
Muzeyin xarici əlaqələr və elmi-kütləvi işlər şöbəsinin aparıcı elmi işçisi Nardanə Yusifova deyib ki, qeyd olunan layihənin müasir təhsilin inkişafı tarixində önəmli yeri vardır. Bir neçə ildir ki, muzeydə Azərbaycan tarixinin öyrənilməsində mühazirələr, fərqli təlimlər, nümunəvi dərslər, müxtəlif sərgilər, viktorinalar və hətta muzeydənkənar tədbirlər də həyata keçirilir. Müasir təhsilin inkişafında daha önəmli yer tutan inteqrasiyanın tarix fənninin öyrənilməsindəki əhəmiyyətini fənlərarası vəhdətdə gənclərə aşılamaq üçün muzey eksponatları əsasında həm gənclər, həm də müəllimlərlə xüsusi tədqiqat xarakterli görüşlər keçirilir.
Tədbirdə məktəb direktorları təkliflərlə çıxış ediblər.
Sonra akademik N.Vəlixanlı məktəb direktorları və muzey arasında keçirilən bu görüşün Azərbaycan tarixinin ətraflı öyrənilməsində, gənclərin dünyagörüşünün formalaşmasında xüsusi rol oynayacağına əminliyini bildirib.