REGİONLAR
NAXÇIVAN SƏRHƏD DƏSTƏSİNİN ON YAŞI TAMAM OLMUŞDUR
1992-ci il avqustun 22-i Azərbaycan xalqının yaddaşında əlamətdar bir hadisə kimi qalmışdır. On il əvvəl ölkəmizin mühüm strateji bölgəsində dövlət sərhədinin mühafizəsini həyata keçirən hərbi hissədə ilk dəfə olaraq Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdır. O vaxt Ali Məclisin sədri Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Naxçıvan sərhəd dəstəsi belə yaranmışdır. Bu münasibətlə avqustun 22-də sərhəd dəstəsində təntənəli mərasim keçirilmişdir.
Naxçıvan sərhəd dəstəsinin rəisi, polkovnik Məhəmməd Abbasquliyev əlamətdar hadisə münasibətilə məruzə etmişdir.
Sonra gizir Fariz Muradov, sərhəd dəstəsinin ilk komandiri olmuş Cahangir Qulamov, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-mayor Elçin Quliyev çıxış edərək, şəxsi heyəti bayram münasibətilə təbrik etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərhədçilərə müqəddəs borclarının yerinə yetirilməsində uğurlar arzulamışdır.
Sonra hərbi xidmətdə fərqlənən bir qrup sərhədçiyə zabit poqonları və medallar təqdim edilmiş, sərhədçilərin nümunəvi çıxışları olmuşdur.
Mərasim konsert proqramı ilə başa çatmışdır.