CƏMİYYƏT
N.Nərimanov adına NQÇİ-nin ərazisində baş verən yanğın söndürülüb
N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində baş verən yanğın söndürülüb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildiriblər ki, NQÇİ-nin ərazisindəki 441 saylı qəzalı meydançada uçqun baş verib, burada olan vaqon evcik dənizə düşüb. Həmçinin meydançanın üstündən keçən boru kəmərinin qırılması nəticəsində yanğın baş verib. Yanğının qarşısının alınmasına Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, “Vixır-5” yanğınsöndürən gəmisi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin gəmiləri cəlb olunub. Yanğın saat 12.45 radələrində söndürülüb.
Hadisə zamanı ərazidə 41 işçi olub. Qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq “Orion-15” və “PSK-52” gəmiləri vasitəsilə sahilə gətirilib. Müxtəlif dərəcəli bədən xəsarəti alan şəxslərə lazımi tibbi yardım göstərilir. Hazırda dənizə düşməsi ehtimal olunan 4 nəfərin axtarışı davam etdirilir. Axtarışların nəticəsi barədə əlavə məlumat veriləcək.
Hadisənin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb.