MƏDƏNİYYƏT
“NOVOSTİ UZBEKİSTANA” QƏZETİ SOYDAŞIMIZDAN YAZIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddə rus dilində çap olunan “Novosti Uzbekistana” qəzeti Özbəkistan Böyük Opera və Balet Teatrının aparıcı rejissoru, Azərbaycanın və Özbəkistanın xalq artisti, Dövlət mükafatı laureatı Firudin Səfərov və bu teatrın baş dirijoru, Özbəkistanın xalq artisti Dilbər Əbdürrəhmanovanın birgə fəaliyyətlərinin 30 illiyinə həsr olunmuş böyük material vermişdir.
Məqalədə qeyd edilir ki, bu cütlüyün birgə fəaliyyəti nəticəsində teatrda 30-dan artıq əsərə səhnə həyatı verilmişdir.
Daşkəndə gəlməzdən əvvəl Firudin Səfərov 13 il Azərbaycan Dövlət Opera və Balet Teartında baş rejissor işləmiş və bu teatrda böyük Üzeyir Hacıbəyovun uzun illərdən bəri səhnədən düşməyən “Koroğlu” və “Leyli və Məcnun” operalarına quruluş vermişdir.
Müəllif yazır ki, həm Firudin Səfərov, həm də Dilbər Əbdürrəhmanova Özbəkistan Dövlət Konservatoriyasının professorlarıdır və onlar gənc opera rejissorlarının hazırlanmasında da əvəzsiz xidmətlər göstərirlər.
2003-cü ildə Özbəkistanda Firudin Səfərovun 70 illiyi yüksək səviyyədə qeyd olunmuş, Özbəkistan Prezidentinin Fərmanı ilə ona “Əmək Şöhrəti” ordeni verilmişdir.