ELM VƏ TƏHSİL
Nardaran məktəbliləri “Azər-ilmə” xalçaçılıq şirkətində və Hərb Tarixi Muzeyində
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nardaran qəsəbəsindəki 295 və 130 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdlərinin ekskursiyasını təşkil edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, hər iki məktəbin 9-cu sinif şagirdləri öz istəklərinə görə “Azər-ilmə” xalçaçılıq şirkətində və Hərb Tarixi Muzeyində olublar.
Şagirdlər “Azər-İlmə” xalça qalereyasında Azərbaycanın qədim əl sənəti olan xalçaçılığın sirləri ilə maraqlanıblar.
Xalq sənətlərinin ən geniş yayılmış növü, Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş xalçaçılıq haqqında məlumat verən bələdçi məktəblilərə xalçaçılığın tarixindən, növlərindən söhbət açıb. Şagirdlərə məlumat verilib ki, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar tarixən çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilməklə yanaşı, yüksək estetik əhəmiyyətə malikdir.
Xalçanın toxunması prosesi ilə tanış olan şagirdlər toxuculara və bələdçiyə bu sənətin incəlikləri ilə bağlı müxtəlif suallar veriblər. Məktəbli qızlar hanada olan xalçaya ilmə atmaqla sənət əsərində izlərini qoyublar.
Sonra şagirdlər Dövlət Hərb Muzeyində olublar. Muzeydə Azərbaycanın hərb tarixi barədə şagirdlərə geniş məlumat verilib. Azərbaycanın ilk generalları haqqında məlumatı maraqla dinləyən şagirdlər onların muzeydə saxlanan mundirləri, müxtəlif dövrlərdə istifadə edilən silahlarla də tanış olublar. Ekspozisiyasının zənginliyinə görə diqqəti cəlb edən Xanlıqlar dövrü zalında şagirdlərə Azərbaycanda xanlıqların yaranması, onların qoşun növləri haqqında məlumat verilib. Hərbi Dəniz Qüvvələri zalında Azərbaycanın ilk matrosları, dövlət bayrağımızın ilk dəfə hərbi donanmada qaldırılması, Hərbi Dəniz Qüvvələrinin bayrağı, dənizçilərin istifadə etdiyi bir sıra cihazlar nardaranlı məktəblilərin marağına səbəb olub.
Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan 130-dək hərbi texnika da məktəblilərin marağını cəlb edib.