SİYASƏT
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səmimi qəbula görə minnətdarlıq edən Vey Cinhua Naxçıvana səfərinin əhəmiyyətinə toxunub, muxtar respublikanın inkişafının məmnunluq doğurduğunu və ikitərəfli əlaqələr üçün geniş perspektivlər açdığını bildirib.
Ali Məclisin Sədri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, dövlət başçısının Çin Xalq Respublikasına səfərini xatırladıb, bunun Azərbaycan-Çin əlaqələrinin inkişafına təkan verdiyini qeyd edib.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasında rabitə və yeni texnologiyaların tətbiqi sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri gələcək əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.