CƏMİYYƏT
Nazirlikdə demoqrafiya və əhali sakinliyinin inkişafına dair layihə müzakirə olunub
Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) Nazirliyində QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın (2014-2025-ci illər) layihəsi müzakirə olunub.
Tədbirdə ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursu sayəsində böyük inkişaf yoluna çıxan, 2003-cü ildən Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində sürətli tərəqqi dövrünü yaşayan Azərbaycanda demoqrafik proseslərin də müsbət məcrada davam etdiyi vurğulanıb. Bildirilib ki, son 20 ildə ölkəmizdə əhalinin sayı 26 faizdən də çox artaraq 9,5 milyonu ötüb. Əhalinin illik artım tempinin 1,3 faiz təşkil etdiyi respublikada körpə və uşaq ölümü halları müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalıb. Ömür uzunluğu isə 4,6 il artaraq 74,2 yaşa çatıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, BMT Baş Assambleyasının 1994-cü ildə Qahirədə keçirdiyi “Əhali və İnkişaf” konfransında qəbul edilmiş Fəaliyyət Proqramının prioritetləri Azərbaycanda həmin vaxtlardan etibarən ilbəil güclənən demoqrafik siyasətdə öz əksini tapıb. Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda 1999-cu ildə “Demoqrafik İnkişaf Konsepsiyası” qəbul edilib. Artıq ƏƏSMN tərəfindən ölkəmizdə demoqrafiya və əhali sakinliyi sahəsində 2025-ci ilədək dövr üçün inkişaf istiqamətlərini müəyyən edən yeni Dövlət Proqramının layihəsi hazırlanıb. Layihə nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) “Qanunvericilik” bölümündə yerləşdirilməklə ictimai müzakirəyə təqdim olunub. Həmçinin ötən müddətdə aidiyyəti dövlət qurumlarının rəy və təklifləri əsasında layihə təkmilləşdirilib.
Nazir cari ilin sentyabrında ƏƏSMN ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında imzalanan birgə əməkdaşlıq haqqında anlaşma memorandumunun digər sahələrdə olduğu kimi, yeni qanunvericilik layihələrinin təkmilləşdirilməsində də vətəndaş cəmiyyətləri ilə əməkdaşlığa şərait yaratdığını qeyd edib.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ƏƏSMN-in öz fəaliyyətinin bütün sahələrində vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq etməsini yüksək dəyərləndirib.
Daha sonra təqdim olunan layihə ilə bağlı rəy və təkliflər səsləndirilib.