REGİONLAR
Nikolay Nikitinin 90 illiyinə həsr olunan xatirə gecəsi
İsmayıllı, 5 may, AZƏRTAC
İsmayıllılar rusların (malakanların) yığcam yaşadıqları İvanovka kəndində 43 il kolxoz sədri işləyən Sosialist Əməyi Qəhrəmanı Nikolay Vasilyevic Nikitinin anadan olmasının 90 illiyi ilə əlaqədar xatirə gecəsi keçiriblər. Gələn il 180 illiyi tamam olacaq İvanovka kəndi bu gün abad, bütün kommunikasiyaları müasir səviyyədə qurulan, əməksevərlik mühitinin hökm sürdüyü, dünya üçün tolerantlıq nümunəsi olan yaşayış məskənidir.
AZƏRTAC xəbər verir ki, bütün bunlar barədə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində N.Nikitinin 90 illiyinə həsr olunan xatirə gecəsində danışılıb.
Çoxsaylı qonaqların, ivanovkalıların, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri xatirə gecəsində icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, deputatlar Novruz Aslanov, Tahir Kərimli, Mixail Zabelin N.Nikitinin həyat və fəaliyyəti barədə söhbət açıb, xatirələrini bölüşüblər. Bildirilib ki, vaxtilə ümummilli lider Heydər Əliyevin qayğısı və dəstəyi ilə Nikolay Nikitinin sədr olduğu kolxoz heyvandarlıq və yemçiliyin inkişafı baxımından böyük təcrübə mərkəzinə çevrilib. Əlbəttə, bu sahədə yüksək idarəetmə bacarığı olan N.Nikitinin əməyi az deyil. Hələ o vaxtlar el arasında bu təsərrüfata “Nikitin kolxozu” deyilirdi. Təsadüfi deyildir ki, Ulu Öndərimizin xeyir-duası ilə bu gün də ölkəmizdə yeganə olaraq idarəetmənin kolxoz forması saxlanılıb. Təsərrüfat hazırda Nikolay Nikitinin adını daşıyır.
M.Zabelin istər sovetlər birliyi zamanı, istərsə də bu gün müstəqillik dövründə ivanovkalılara göstərilən qardaşlıq münasibətinə görə Azərbaycan xalqına təşəkkürünü bildirib.
Kolxozun sədri İvan Prokofyev ənənəyə sadiq olaraq ən yaxşı ivanovkalı tələbə üçün təsis edilən Nikolay Nikitin adına təqaüdün təqdimatını keçirib. Builki təqaüdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin III kurs tələbəsi Şəhla Vəliyeva layiq görülüb.
Xatirə gecəsində rayon musiqiçilərinin, habelə İvanovka folklor qrupunun ifasında mahnılar səsləndirilib.