CƏMİYYƏT
Nizami rayonunda keçirilən idman yarışları silsiləsi birinci Avropa Oyunlarına dəstəyin ifadəsidir
Bakı, 27 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı tərəfindən keçirilən silsilə tədbirlər davam etdirilib.
YAP Nizami rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir “Start” idman və sağlamlıq kompleksində müxtəlif yaş qruplarından olan uşaqlar arasında keçirilən basketbol yarışı olub. Səkkiz komandanın mübarizə apardığı yarışda qaliblərə diplomlar təqdim edilib.
Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində keçirilən azyaşlılar arasında taekvondo yarışında isə “Şahinlər” komandasının üzvləri birinci yeri tutublar.
Yeniyetmə qızlar arasında bədii gimnastika birinciliyində də gərgin idman mübarizəsi aparılıb. Turnirdə qalib gələn gimnastlar medal və diplomlarla mükafatlandırılıblar.
Nizami rayonunda silsilə tədbirlər çərçivəsində rəsm, şahmat, voleybol, həndbol, stolüstü tennis, güllə atıcılığı, peyntbol, karate, üzgüçülük, cüdo, ağır atletika, “Breyn-rinq” intellektual yarışları keçirilib. Bütün yarışlarda birinci yerləri tutanlar may ayında “Azərbaycan olimpin zirvəsində” mövzusunda keçiriləcək ümumrayon tədbirində mükafatlandırılacaq.
Yarışlar birinci Avropa Oyunlarının proqramına daxil olan idman növləri üzrə təşkil olunub. Nizami rayonunda belə idman yarışlarının keçirilməsi rayon ictimaiyyətinin birinci Avropa Oyunlarına dəstəyinin ifadəsidir.