DÜNYA
Norveç hökuməti Yunanıstana yardım göstərilməsi üçün 47 milyon kron ayırıb
Oslo, 28 avqust, AZƏRTAC
Norveç hökuməti Yunanıstana yardım göstərilməsi üçün 47 milyon kron (5 milyon avrodan çox) vəsait ayırıb. Bu pulun ayrılması onunla bağlıdır ki, Yunanıstan uzun sürən iqtisadi böhranla, habelə ölkəyə qaçqın axını ilə üzləşib.
Norveç KİV-ləri bu məlumatı ölkə hökumətinə istinadla yayıblar.
Məlumata görə, Norveç tərəfindən ayrılmış vəsait Yunanıstana üz tutan qaçqınların xilas edilməsi və onlara yardım göstərilməsi proqramının daha yaxşı maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Norveçin baş naziri Erna Solberq bu məlumatı şərh edərək bildirib ki, onun ölkəsi Yunanıstana kömək etməyin zəruri olduğunu hiss edib. Baş nazir deyib: “Norveçin bütün vətəndaşları kimi mən də son günlərdə qaçqınlar axınının fotoşəkillərini görəndə sarsıldım”.
Qeyd edək ki, cari ilin ilk yeddi ayı ərzində Avropa İttifaqı ölkələrinə 340 mindən çox qaçqın və miqrant gəlib. Bu, İkinci Dünya müharibəsindən sonra insanların kütləvi şəkildə köçməsi ilə bağlı ən böyük böhrandır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Oslo