CƏMİYYƏT
Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Ədliyyə Nazirliyinin İxtisas Komissiyası Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notarius vakansiyalarının yaranması ilə əlaqədar elan edilmiş notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən şəxslərin sənədlərinin qəbulu başa çatdıraraq “Notariat haqqında” Qanunun tələblərinə cavab verən namizədlərlə noyabr ayının 28-də test imtahanı keçirib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə aşkarlıq şəraitində kompyuterdən istifadə edilməklə vakant olan 6 notarius vəzifəsi üzrə keçirilmiş imtahanı vətəndaş cəmiyyətinin nümayəndələri izləyib. Həmçinin tədbirin gedişi internet vasitəsilə onlayn rejimdə birbaşa yayımlanıb.
“Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.
Yekun nəticələrə görə imtahanda 51 nəfər müvəffəqiyyət qazanaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb (siyahı Nazirliyin internet səhifəsində (www.justice.gov.az) yerləşdirilib). Namizədlər suallara verdikləri cavabların nəticələri ilə test imtahanının sonunda istifadələrində olan monitor vasitəsilə tanış olub və bu barədə bildirişi yerindəcə əldə ediblər.
Növbəti - müsahibə mərhələsinin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcək.