REGİONLAR
Novruzun gəlişi Şamaxıda ümumrayon şənliyi ilə qeyd edilib
Şamaxı, 17 mart, AZƏRTAC
Xalqımızın əziz bayramı - Novruzun gəlişi Şamaxıda ümumrayon şənliyi ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bayram münasibətilə ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında təntənəli mərasim keçirilib.
Tədbir iştirakçıları əvvəlcə parkda təşkil olunan Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxıblar. Təbiətin oyanışını bildirən səməni və digər Novruz atributları ilə bayramsayağı bəzədilən parkda sərgilənən qədim məişət əşyaları, toxuculuq və əkinçilik alətləri, saxsı və mis qablar və digər sənət nümunələri iştirakçılarda böyük maraq doğurub. Xoruz döyüşləri və müxtəlif çeşidli milli xörəklər maraqla qarşılanıb. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar el sənətinin qədimliyini bir daha yada salıblar.
Bayram tədbirində ənənəyə uyğun olaraq tonqal qalanıb, xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılıb. İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalq mahnıları oxuyub, rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa edib, gənc pəhləvanlar meydan mübarizəsinə çıxıblar.
Novruz şənliyi rəqslə sona çatıb və tədbir iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi bəxş edib.