CƏMİYYƏT
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib qaçan sürücü tutulub
Bakı, 27 mart, AZƏRTAC
Masallı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib qaçan sürücü tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 26-da saat 05 radələrində Masallı şəhəri ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq, yolu keçən piyada Cavadova Vüsalə Heydər qızını vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Həmin gün Masallı rayon sakini, “QAZ 32213” markalı, 44-BS-386 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həşimov Əzizəli Yaqub oğlu rayon Polis Şöbəsinə gələrək təqsirini etiraf edib.
Ə.Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.