CƏMİYYƏT
Ötən il qanunsuz ovla məşğul olan 200 nəfər 193317 manat cərimə olunub
Bakı, 9 yanvar, AZƏRTAC
Ötən il keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 213 yerli vətəndaş saxlanılaraq onlardan 193 ov tüfəngi, 632 patron götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, eyni zamanda, Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarının ərazisində və “Ağgöl” Milli Parkında qadağan olunmuş alətlərlə (tələ, cələ, ilgək) Birləşmiş Ərəb Əmirliklərinin, Türkiyə, Pakistan, İraq və Suriyanın qanunsuz ov edən 16 vətəndaşı saxlanılıb.
İnzibati xəta törətmiş yerli və əcnəbi qanun pozucuları barəsində protokollar tərtib edilib, ümumilikdə 200 nəfər inzibati qaydada 193317 manat məbləğində cərimə olunub. Xarici vətəndaşların ov aləti kimi istifadə etdikləri quşlar götürülərək təbiətə buraxılıb və 29 fakt üzrə qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.
Qanunsuz ov edən xarici vətəndaşların ölkə ərazisindən çıxarılması (deportasiya) və gələcəkdə Azərbaycan Respublikasına buraxılmaması üçün Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.