İQTİSADİYYAT
“PAŞA Həyat” sığorta haqlarının onlayn ödənişini tətbiq edib
Bakı, 19 dekabr, AZƏRTAC
“PAŞA Həyat Sığorta” şirkəti göstərdiyi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müasirləşməsi istiqamətində növbəti uğura imza atıb. Şirkətin müştəriləri artıq hesaba köçürmə və nağd ödəmə kimi ənənəvi üsullarla yanaşı, www.izim.az ödəniş portalı vasitəsi ilə sığorta haqlarının onlayn rejimdə ödənişini edə biləcəklər.
“PAŞA Həyat” şirkətinin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, şirkətdən həyat sığortası üzrə müvafiq şəhadətnamə əldə edən müştəri sığorta haqqı məbləğinin ödənilməsini vaxt itirmədən onlayn rejimdə www.izim.az ödəniş portalı vasitəsi ilə həyata keçirəcək. Onlayn ödəməni aparmaq üçün müştərilər ölkədə fəaliyyət göstərən bütün kommersiya banklarının plastik kartlarından istifadə edə biləcəklər. Müştərilər ödəniş etmək üçün interneti dəstəkləyən istənilən mobil telefon vasitəsi ilə də (adi brauzerlər) əməliyyatlar edə bilərlər.
İZ kartına sahib olan müştərilər www.izim.az bu portal vasitəsi ilə ödəniş etdikdə məbləğin bir hissəsi müştərinin kartına bonuslar (İZ-lər) şəklində toplanacaq. Bu bonusların istifadəsini isə müştəri seçiminə uyğun olaraq özü müəyyənləşdirəcək.