CƏMİYYƏT
Polis Qaxda maarifləndirmə tədbiri keçirib
Bakı, 12 mart, AZƏRTAC
Qax Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Qaxbaş kənd 2 nömrəli tam orta məktəbində “Narkomaniya əsrin bəlasıdır” və “Yol hərəkəti qaydaları” mövzularında məktəblilərlə görüş keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə RPŞ-nin əməkdaşları, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə çıxış edən RPŞ-nin narkomaniya ilə mübarizə qrupunun əməkdaşı Qoşqar İsgəndərov dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Gəncləri narkotik maddələrdən uzaq durmağa və onları “ağ ölümə” çəkmək istəyənlərə qarşı qətiyyətli mübarizə aparmağa çağırıb. O, narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu barədə ətraflı məlumat verərək yeniyetmə və gəncləri narkomaniyaya yox deməyə, sağlam həyat yaşamağa və mənəvi kamilliyə çağırıb.
RPŞ-nin əməkdaşı Bəhruz Nəsibov narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışaraq bildirib ki, narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi-əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisada inkişafa mənfi təsir göstərir, cinayətkarlığın artmasına səbəb olur. Bu bəlaya düçar olan insanların sağlam həyata qayıtması isə həddindən artıq çətin olur.
DYPB-nin əməkdaşı Namiq İsrafilov məktəblilərə yol hərəkət qaydaları barəsində ətraflı məlumat verib və onları bu qaydalara əməl etməyə çağırıb. O , belə tədbirlərin keçirilməsində əsas məqsədin şagirdlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, onları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaqdan ibarət olduğunu qeyd edib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.