DÜNYA
Polşa qaçqınları seçmək üçün nümayəndə heyəti hazırlayır
Varşava, 4 avqust, AZƏRTAC
Polşa Avropa İttifaqının xüsusi proqramı çərçivəsində bu ölkədə sığınacaq veriləcək qaçqınları seçmək üçün Livana səfər edəcək nümayəndə heyəti hazırlayır.
Polşa daxili işlər nazirinin müavini Petr Staxançik bildirib ki, “qaçqınlar Polşaya 100-200 nəfərlik qrup şəklində mərhələ-mərhələ gələcək. Son nəticədə təqribən 2 min qaçqına Polşada sığınacaq veriləcək. Ölkə Aİ-nin hüdudlarından kənarda yerləşən qaçqın düşərgələrindən 900 nəfər, İtaliya və Yunanıstandakı düşərgələrdən 1100 nəfər qəbul edəcək. Aİ ümumən Avropada 60 min qaçqın yerləşdirmək niyyətindədir.
Polşanın qəbul edəcəyi qaçqınlar əvvəlcə Əcnəbilərlə İş üzrə İdarənin sərəncamında olan xüsusi mərkəzlərdə yaşayacaqlar. Dil kursları və peşəkar təhsil qaçqınlar üçün inteqrasiya proqramlarının bir hissəsi olacaq.
Daha əvvəl Polşa Suriyadan 50 xristian ailəsi (158 nəfər), o cümlədən 12 uşaq qəbul edib.
2014-cü ildə 6,6 min nəfər qaçqın statusu almaq xahişi ilə Əcnəbilərlə İş üzrə İdarəyə müraciət edib. 262 əcnəbiyə, o cümlədən 115 Suriya vətəndaşına müsbət cavab verilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava