CƏMİYYƏT
Prokurorluq işçiləri peşə bayramlarını qeyd edirlər
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluğu orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
Sonra prokurorluq işçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü ilə əlaqədar prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıya çıxan aktual problemlərlə bağlı elmi-praktiki konfrans keçirilib.