ELM VƏ TƏHSİL
“Qarabağ tədqiqatları” mövzusunda qrant müsabiqəsinin nəticələri açıqlanıb
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ölkədə Qarabağla bağlı aparılan elmi tədqiqatların stimullaşdırılması, regional və beynəlxalq səviyyədə araşdırmaların yüksək səviyyədə təmin olunması, Qarabağın tarixi, alban kilsələri və digər tarixi abidələrlə bağlı tədqiqatların aparılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı törədilən soyqırımlarının, erməni təcavüzlərinin araşdırılması və bu barədə həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılmasının təmin edilməsi və Azərbaycan alimlərinə xarici ölkələrin arxivlərində işləmək imkanı yaradılması məqsədi ilə keçirilmiş “Qarabağ tədqiqatları” üzrə yeddinci xüsusi “Mobillik qrant” müsabiqəsinin nəticələrini açıqlayıb.
EİF-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən 2014-cü il noyabrın 25-də təsdiqlənmiş “Erməni diasporuna qarşı effektiv mübarizə tədbirlərinin və koordinasiya işinin gücləndirilməsinə dair” Fəaliyyət Planına uyğun olaraq keçirilib.
Müsabiqə çərçivəsində on min manatadək qrantların verilməsi yolu ilə alimlərin xarici ölkələrin arxivlərində işləmələri üçün icra müddəti bir ayadək olan layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur.
Altı qalib layihə üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq, Tarix və Folklor institutlarından, həmçinin Bakı Dövlət Universitetindən olan təcrübəli alimlər Türkiyə və Rusiyanın arxivlərində “1905-1920-ci illərdə Qarabağda ermənilər tərəfindən törədilən qırğınlar Osmanlı arxiv sənədlərində”, “1829-1830-cu illərdə ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Qarabağ komendantı general Usmiyevin (Xan qızı Xurşudbanu Natəvanın həyat yoldaşı) Qarabağdakı fəaliyyətinin Dağıstanda araşdırılması”, “Erməni soyqırımı: sənədlər və faktlar”, “Birinci Dünya müharibəsi illərində Rusiya-erməni əlaqələri və Qarabağda erməni terroru”, “Birinci Dünya müharibəsi illərində ermənilərin Şərqi Anadoluda və Qarabağda törətdikləri qətliamlar arasında təşkilati əlaqəyə dair" mövzuları üzrə araşdırmalar aparacaqlar.
Layihə üzrə nəticələrin seminar vasitəsilə təqdimatı və kitab halında nəşri planlaşdırılır.