REGİONLAR


Quba-Xınalıq yolunun yararsız vəziyyətə düşən hissəsi bərpa olunur VİDEO

A+ A

Quba, 14 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Sentyabrın 1-dən 2-nə keçən gecə şimal bölgəsinə yağan güclü yağış nəticəsində yaranan selin Quba-İspik-Xınalıq yoluna vurduğu ziyan aradan qaldırılır.

AZƏRTAC xəbər verir ki, artıq yolun 29-cu kilometrliyində, Qudyalçay üzərində yerləşən körpüdə bərpa işləri tamamlanıb.

Hazırda Quba-Xınalıq yolunun 36-cı kilometrliyində, Qudyalçayda suyun səviyyəsinin qalxması nəticəsində yolun yararsız vəziyyətə düşən hissəsi və yolun bu hissəsindəki körpü təmir olunur. Bu ərazidə sel suları yolun təxminən 400 metr hissəsini tamamilə yuyub. Ərazidəki körpünün istinad divarları və dayaqları zədələndiyindən qəzalı vəziyyətə düşüb.

Fəsadların aradan qaldırılması üçün ərazidə “Azəravtoyol” ASC-nin və “Körpü-Bina-Tikinti” MMC ağır texnikası və canlı qüvvəsi çalışır.

Quba-Xınalıq yolunun 36-cı kilometrliyində görülən işlərə 10 gün əvvəl başlanılıb. İlk növbədə yolun təbii fəlakətdən zərər görən hissəsində yol yatağının bərpası işləri görülür. Ardından həmin ərazidə beton bəndlərin inşası da nəzərdə tutulur.

Quba-Xınalıq yolunun 14 gündür bağlı olması həmin istiqamətdə yerləşən dağ kəndlərinin sakinlərinin rayon mərkəzinə gediş-gəlişində çətinliklər yaradıb. Hazırda Xınalıq istiqamətində gedən sürücülər alternativ olaraq Alpan-Susay-Xınalıq yolundan istifadə edirlər. Amma bu yolda da yalnız ikioxlu, dağlıq ərazi üçün uyğun avtomobillərin hərəkəti mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.