REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrı mövsümə “Arşın mal alan” tamaşası ilə yekun vurur
Qusar, 4 iyul, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı mövsümə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri ilə yekun vuracaq.
AZƏRTAC xəbər verir ki, tamaşa iyulun 4-ü saat 21:30-da Qusar Mədəniyyət Sarayının qarşısında açıq havada qurulan səhnədə təqdim olunacaq. Yüksək zövqlə səhnələşdirilən, 60-a yaxın aktyorun yer aldığı tamaşa üçün rəngarəng dekorasiyalar qurulub.
Teatrın bədii rəhbəri Faiq Qardaşov AZƏRTAC-a bildirib ki, səhnə əsərinin açıq havada təqdim olunmasında məqsəd tamaşaçıların diqqətini teatra yönəltməkdir. Tamaşa yerli sakinlərə və şəhərə gələn qonaqlara pulsuz təqdim olunur.
Teatrın yaradıcı kollektivi yeni mövsümdə tamaşaçılara Rəvan Tahiroğlunun ssenarisi əsasında hazırlanan “Taleyin oyunu” tamaşasını təqdim edəcək. Artıq məşqlərinə başlanılan səhnə əsərində narkomanlıq, xəyanət kimi aktual problemlərlə qarşılaşan dörd müxtəlif ailənin həyatı canlandırılır. Tamaşanın quruluşçu rejissoru Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar Artisti Laləzar Hüseynovadır.