CƏMİYYƏT


Qusarda polis ev sahibəsinin kartından pul oğurlayan kirayənişini saxlayıb

Bakı, 4 iyul, AZƏRTAC

İyunun 30-da Qusar şəhər sakini olan 89 yaşlı Zərxanım Nurullayevanın qızı anasının banklardan birinə məxsus hesabından pulunun çıxarılaraq oğurlanması barədə rayon polis şöbəsinə ərizə ilə müraciət edib. O, sonuncu dəfə həmin kart vasitəsilə ötən ilin avqust ayında pul çıxardıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar yaradılan əməliyyat qrupu araşdırmalara başlayıb. Polis əməkdaşları oğurluğun Z.Nurullayevanın evində kirayədə yaşayan şəxs tərəfindən törədilməsi barədə əməliyyat məlumatı əldə ediblər. Görülən tədbirlərlə zərərçəkmişin evində yaşayan kirayənişin şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Sələhoba kənd sakini Ruslan Hacımətov olması müəyyən edilib. Polis əməkdaşlarının tutarlı dəlilləri qarşısında o, törətdiyi əməli etiraf edib.

Müəyyən edilib ki, R.Hacımətov ailəsi ilə birlikdə ev sahibəsinə kömək edəcəkləri barədə razılaşaraq təmənnasız onun evində yaşayıblar. Həmin qadının hər ay təqaüd aldığını bilən R.Hacımətov onun bank kartının saxlanc yerini müəyyən edərək cari ilin fevral ayından iyun ayına qədər həmin hesabdan mütəmadi olaraq pul çıxarıb, şübhə doğurmamaq üçün isə kartı qaytarıb yerinə qoyub. Aparılmış tədbirlərlə zərərçəkmişin ümumilikdə 2080 manatının oğurlanması müəyyən edilib.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.