REGİONLAR
Sabirabadın Minbaşı kəndinə təbii yanacağın verilişi bərpa olunub
Sabirabad, 3 may, Mahir Babayev, AZƏRTAC
Sabirabad rayonunun qəsəbə və kəndlərinin təbii qazla təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələr uğurla icra edilir.
AZƏRTAC xəbər verir ki, indiyədək rayonun 74 yaşayış məntəqəsindən 53-ü qazlaşdırılıb. Onların sırasına 131 abonenti olan Minbaşı kəndi də əlavə olunub. Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 762 metr olan polietilen və 10 min 496 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 131 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər Prezident İlham Əliyevin göstərişi ilə ölkənin qazlaşdırılması istiqamətində reallaşdırılan layihələrin rayonda da uğurla icra olunmasından danışıblar. Bildirilib ki, cari ilin əvvəlindən indiyə kimi rayonun 5 kəndinə “mavi yanacaq” verilib. Hazırda 9 yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi sürətlə davam etdirilir və işlər yekunlaşmaq üzrədir. Yaxın günlərdə bu kəndlərin sakinləri də təbii qazdan istifadə edəcək. Qeyd olunub ki, ilin sonuna kimi rayonun qalan 21 yaşayış məntəqəsinin də qazlaşdırılması nəzərdə tutulub.
Mərasimdə çıxış edən kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Sonda rəmzi məşəl yandırılıb, evlərə qazın verilməsinə baxış olub.