CƏMİYYƏT
Sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbiri təşkil olunub
Bakı, 31 may, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatı tərəfindən 28 may - Respublika Günü və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Saray qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisəsində tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ölkəmizdə fiziki və əqli qüsuru olan uşaqlara və böyüklərə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini qeyd edib. O, dövlət uşaq siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Bildirib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev həmişə uşaqlara diqqət və qayğı ilə yanaşıb. Prezident İlham Əliyev tərəfindən 2009-cu ilin “Uşaq ili” elan edilməsinin də bu istiqamətdə atılan addımların yüksək göstəricisi olduğunu bildirən Milli Məclisin deputatı ölkəmizin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən də bu cür xeyriyyə işlərinin davam etdirildiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Dilarə Cəbrayılova və başqaları da fiziki və əqli qüsuru olan uşaqları bayram münasibətilə təbrik ediblər. Bildirilib ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təməlində mərhəmət, humanizm və xeyirxahlıq dayanır. Bu mənada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın nəcib fəaliyyəti hər birimizə örnəkdir. Bunun nəticəsidir ki, ölkəmizdə ildən-ilə xeyriyyəçilik və humanizm prinsiplərinə dayanan layihələr artır.
İnternat evinin rəhbərliyi uşaqlarla görüşə gəldiklərinə görə qonaqlara minnətdarlığını bildirib. Qeyd edilib ki, internat evi 1974-cü ildən fəaliyyət göstərir. Burada aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb. Vurğulanıb ki, fiziki və əqli qüsuru olan uşaqların daha çox mənəvi dəstəyə ehtiyacları var. İnternat evinin direktoru YAP tərəfindən davamlı şəkildə onlara qayğı göstərildiyini də diqqətə çatdırıb.
İnternat evinin sakinlərinə xüsusi bağlamalar və oyuncaqlar hədiyyə olunub. Maraqlı konsert proqramları və şən klounların çıxışı ilə başa çatan görüş internat evi sakinlərinin böyük sevincinə səbəb olub.