REGİONLAR


Salyan: yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə olunub

A+ A

Salyan, 6 sentyabr, Mahir Babayev, AZƏRTAC 

Salyan şəhərində keçirilən müəllimlərin sentyabr konfransında 2015-2016-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Konfransda hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Xudaverdi Piriyev ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsil ocaqlarının maddi-texniki bazasını möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Bildirilib ki, 18 mindən çox şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 2200 müəllim 2015-2016-cı tədris ilini, ümumilikdə, müsbət göstəricilərlə başa vurub. Bu il rayonun ümumtəhsil məktəblərini bitirən 700 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Onlardan 370 nəfər tələbə adını qazanıb. Məzunlardan 26 nəfəri 600-dən çox, 68 nəfəri isə 500-600 arası bal toplayıb.

Məlumat verilib ki, yeni tədris ilinə hazırlıq işləri 55 ümumtəhsil məktəbinin hamısında yekunlaşıb, dərslik və ədəbiyyat, elektron vəsaitlər və digər ləvazimatlar məktəblərə paylanıb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov yeni dərs ilinin başlanması münasibətilə müəllimləri təbrik edib, onlara xoş arzularını bildirib. Ölkədə, eləcə də rayonda təhsil islahatının uğurla həyata keçirildiyini deyən icra hakimiyyətinin başçısı məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Vurğulanıb ki, son 3 il də rayonda 6 yeni məktəb binası və əlavə korpuslar tikilib, 3 məktəb isə əsaslı təmir edilib.

S.Hətəmov rayonda tədris prosesinin müasirləşdirilməsi, təhsildə tətbiq olunan yeni texnologiyaların vacibliyindən də ətraflı söhbət açıb.

Sonda 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan 21 məzuna və 8 qabaqcıl müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.