CƏMİYYƏT


Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə bu günədək təxminən 40 min müraciət daxil olub

Bakı, 6 iyun, Əziz Məmmədov, AZƏRTAC

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə bu günədək təxminən 40 min müraciət olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin əlaqələndiricisi Nailə Daşdəmirova jurnalistlərə müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, müraciətlərin əksəriyyəti sorğu xarakterli - əhalinin yaşadığı ərazi üzrə tibbi qeydiyyata alınması, hansı tibb müəssisələrinin necə fəaliyyət göstərməsi, imtiyazlı insanlar üçün dərman preparatlarının siyahısı və digər bu kimi məsələlərlə bağlı olub.

“Müraciət zamanı vətəndaşlar səhiyyə müəssisələrindən arayışların verilməsi, müxtəlif dövlət proqramları, tibbi qeydiyyat, dərmanla təmin olunma və s. barədə onları maraqlandıran suallara cavab alırlar. Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzi 2015-ci ildən fəaliyyət göstərir. Son vaxtlar sorğu xarakterli müraciətlərin sayı çoxalıb. Məsələn, vətəndaşların müraciətləri əsasən tibb müəssisələrinin fəaliyyəti ilə bağlıdır. Təəssüf ki, əhalinin tibbi maarifləndirilməsinə hələ də böyük ehtiyac var. Hər bir vətəndaşın müayinəsi həkim-mütəxəssis tərəfindən aparılmalıdır. Bəzən vətəndaşlar tibbi müayinə əvəzinə özünümüalicə edirlər. Məsələn, maqnit rezonans tomoqrafiya hazırda geniş yayılıb. Hər bir müraciət edən vətəndaş bu xidmətdən bəhrələnmək istədiyini bildirir. Lakin təəssüf ki, onun əks göstərişləri və zərəri barədə əhalidə məlumat yoxdur. Əhali üçün hər hansı müayinəyə təyinat həkim-mütəxəssis tərəfindən verilməlidir ki, sonradan heç bir problem olmasın”, - deyə N.Daşdəmirova bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.