REGİONLAR


Şəkinin üç yaşayış məntəqəsində 1050 abonentə təbii qaz verilib VİDEO

A+ A

Şəki, 10 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir. Sentyabrın 10-da rayonun Birinci Biləcik, Şorsu və Qudula kəndlərində 1050 abonentə təbii qaz verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Birinci Biləcik kəndində keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, kənd sakinləri iştirak ediblər.

421 abonenti olan Birinci Biləcik kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 min 758 metr polietilen və 22 min 596 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək, ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat verib. Bildirilib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, ölkənin yaşayış məntəqələrinin qazlaşdırılması işi sürətlə davam etdirilir. 10 il əvvəl Azərbaycanın yaşayış məntəqələrinin cəmi 40 faizinin qazlaşdırıldığını diqqətə çatdıran SOCAR-ın prezidenti artıq əhali abonentləri üzrə bu göstəricinin 92 faiz təşkil etdiyini bildirib. Qeyd olunub ki, hazırda Şəkinin daha 6 kəndinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işlər başa çatdıqdan sonra Şəki rayonu üzrə qazlaşma 85 faiz təşkil edəcək. Bu, dağlıq ərazidə yerləşən rayonlar üçün ən yüksək göstərici hesab olunur.

Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və kənd ağsaqqalı Həşim Məmmədov çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqətə, Qurban bayramı ərəfəsində gerçəkləşdirilən belə dəyərli hədiyyəyə görə sakinlər adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.

Həmin gün rayonun Şorsu və Qudula kəndlərinə də “mavi yanacaq” verilib. 432 abonenti olan Şorsu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 29 min metr polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Qudula kəndində isə 22 min 509 metr qaz xətti çəkilib, mənzillərə 197 sayğac və fərdi tənzimləyici qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.