İDMAN


Səmti müəyyənetmə idman növü üzrə dünyada ilk festival Azərbaycanda keçirilə bilər

Bakı, 20 iyul, AZƏRTAC

Estoniyanın Tartu şəhərində Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası (IOF) tərəfindən təşkil olunmuş səmti müəyyənetmə üzrə 34-cü dünya çempionatı keçirilib.

Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasından AZƏRTAC-a bildirilib ki, ölkəmizi çempionatda federasiyanın prezidenti Mirəli Kazımov və milli komandanın idmançısı Süleyman Əliyev təmsil ediblər.

Dünya çempionatı çərçivəsində M.Kazımov IOF tərəfindən təşkil olunmuş, prezidentlərin və məsul şəxslərin iştirak etdiyi konfransda çıxış edib. Konfransda səmti müəyyənetmə idmanının inkişaf perspektivləri və onun Olimpiya Oyunlarının proqramına salınması məsələləri müzakirə olunub. Bununla yanaşı, IOF-un Avropa Komissiyasının strukturunun yenidən formalaşması ilə bağlı müzakirələrdə M.Kazımovun irəli sürdüyü konstruktiv təkliflər iştirakçılar tərəfindən müsbət qarşılanıb.

Tədbirdə, həmçinin idman ölkəsi olan Azərbaycanın qazandığı nailiyyətlər və səmti müəyyənetmə idmanının ölkəmizdə sürətli inkişafı yüksək qiymətləndirilib.

Konfransda gələcəkdə ölkəmizdə səmti müəyyənetmə idman növü üzrə beynəlxalq tədbirlərin təşkili perspektivləri müzakirə olunub. Səmti müəyyənetmə idmanı üzrə dünyada ilk festivalın məhz Azərbaycanda keçirilməsi təklifi irəli sürülüb. Bu təklif bir çox federasiyaların prezidentləri və IOF rəsmiləri tərəfindən müsbət qarşılanıb və tədbirin keçirilməsi üçün dəstək nümayiş olunub.

Həmçinin çempionat çərçivəsində Azərbaycan Səmti Müəyyənetmə Federasiyası ilə Türkiyə, Belarus, Rusiya, Çexiya, Bolqarıstan və s. ölkələrin müvafiq federasiyaları arasında görüşlər keçirilib və qarşılıqlı əməkdaşlıq haqda razılıq əldə olunub.

Bolqarıstanın sabiq idman naziri, Bolqarıstan Səmti Müəyyənetmə Federasiyasının prezidenti Azərbaycan ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını xüsusi vurğulayıb.

Aralıq Dənizi Ölkələri Konfederasiyasının üzvləri - Fransa, İtaliya və Serbiya Səmti Müəyyənetmə federasiyalarının rəhbərləri ilə görüşlərdə gələcəkdə Azərbaycanı bu qurumun sıralarında görmək arzusu diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.