REGİONLAR


Şərurdakı Fizika-Riyaziyyat Təmayüllü Lisey kompleksi müasir görkəmi ilə diqqəti cəlb edir VİDEO

A+ A

Şərur, 21 sentyabr, AZƏRTAC

Muxtar respublikada dəqiq fənlər üzrə kadrların hazırlanması diqqət mərkəzindədir. Ötən günlərdə Şərur şəhərində istifadəyə verilən Fizika-Riyaziyyat Təmayüllü Lisey kompleksi bu baxımdan mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, lisey kompleksi zirzəmi qatı ilə birlikdə 5 mərtəbədən ibarət tədris və yataqxana binasından ibarətdir. 380 yerlik tədris binasında 5-i elektron lövhəli olmaqla 19 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, hərbi kabinə, şahmat otağı, 2 kompyuter otağı, kitabxana və bufet var. Liseydə 42 kompyuter quraşdırılıb və internetə qoşulub. Burada uşaqlara bütün fənlər, həmçinin informasiya texnologiyaları aşılanır. Liseyin kitabxanasında 4 min 184 dərslik və 2 min 65 bədii ədəbiyyat var.

Liseyin 273 yerlik yataqxana binası müasir avadanlıqlarla təmin edilib. Burda şagirdlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yataqxana binasında 3 və 5 yerlik olmaqla 87 otaq, həkim və müayinə otaqları, idman zalı, yeməkxana, mətbəx, camaşırxana və hər mərtəbədə istirahət otaqları yerləşir. Otaqların hər biri zəruri avadanlıqlarla təchiz olunub. Bu isə istər muxtar respublikanın, istərsə də ölkəmizin digər yerlərindən gələn şagirdlərin burada rahat təhsil almasına, yaşamasına şərait yaradır. Üstəlik də burada təhsil alanlar heç bir ödəniş etmirlər.

Bu il liseyin 7-ci siniflərinə qəbul üçün 474 şagird müraciət edib, imtahanların nəticələrinə əsasən 54 şagird liseyə qəbul olunub. Bu tədris ilində liseydə, ümumilikdə, 204 şagird təhsil alır. Həmçinin liseyin pedaqoji kadr potensialını gücləndirmək məqsədilə müxtəlif ixtisaslar üzrə sənəd təqdim etmiş müəllimlərin imtahanı keçirilib. Hazırda liseydə 26 müəllim çalışır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.