REGİONLAR


Siyəzəndə güzəştli kreditlər hesabına quş yemi istehsalı müəssisəsi yaradılıb VİDEO

Siyəzən, 11 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 11-də Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 200 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, quşçuluq sahələrinin inkişafına yönəldiləcək.

AZƏRTAC xəbər verir, güzəştli kreditlər İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Siyəzən rayonunun Böyük Həmyə kəndində keçirilən işgüzar forum çərçivəsində təqdim edilib.

İşgüzar forumda Siyəzən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, müasir heyvandarlıq, zeytunçuluq və cins heyvandarlıq təsərrüfatlarının, badam bağlarının salınması və süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bununla yanaşı, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Siyəzən rayonundan olan 95 sahibkara 16,8 milyon manat güzəştli kredit verilib. Ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 346 investisiya layihəsinin maliyyələşdirilməsinə 185 milyon manat güzəştli kredit təqdim olunub.

Forum çərçivəsində Siyəzəndə güzəştli kredit ayrılan quşçuluq sahəsi üzrə yem istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.

Ümumilikdə, indiyədək istehsal gücü 59 min ton quş əti və 340 milyon ədəddən çox yumurta istehsalı olan 39 quşçuluq təsərrüfatına 132,3 milyon manat güzəştli kredit verilib. Görülən tədbirlər nəticəsində quşçuluq təsərrüfatlarının illik istehsal gücü 130 min tona çatıb, quş əti və yumurta istehsalı artıb, özünütəminetmə səviyyəsi yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.