İQTİSADİYYAT
“Statistika nədir?” nəşri işıq üzü görüb
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində ilk dəfə olaraq “Statistika nədir?” kitabçası nəşr olunub.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Statistika nədir?” nəşri geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Məqsəd statistika haqqında məlumatların orta məktəb şagirdləri arasında geniş təbliğidir.
Nəşrdə azyaşlı oxucular üçün "Statistika nədir?", "Statistika hansı sahələri əhatə edir?", "Statistik məlumatların istifadəçilər kimlərdir?", "Biz nə üçün statistik məlumatlardan istifadə edirik?", "Statistik müayinə nədir?", "Müayinəni necə aparmaq olar?", "Azərbaycanda statistik məlumatları haradan əldə etmək olar?" və digər suallar və sualların cavabları öz əksini tapıb. Həmçinin statistikanın mahiyyəti ədədlər üzrə izah olunub.
Kitabçada olan məlumatlar rəngarəng foto və animasiyalarla təqdim edilib və respublikanın orta təhsil müəssisələrinə paylanması planlaşdırılır. Bu çap materialında şagirdlər statistik aləmə səyahət edəcək, statistikanın hansı sahələri əhatə etdiyini, statistik məlumatları əldə etməyin asan yolu ilə yaxından tanış olacaqlar.