REGİONLAR
Sumqayıtda ilin birinci yarısının yekunları müzakirə edilib
Bakı, 15 iyul, AZƏRTAC
Sumqayıtda həyata keçirilən tədbirlər nəticəsində ilin birinci yarısında şəhər üzrə ümumi məhsul istehsalı və xidmətlərin həcmi 560 milyon manat və ya 151,4 faiz təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 140 milyon manat və ya 51,4 faiz çox məhsul istehsal olunub, xidmət göstərilib. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 66 milyon manat vəsait yönəldilib. Kapital qoyuluşu əsasən inşaat işləri davam etdirilməkdə olan yeni sənaye sahələri tərəfindən cəlb edilib. Sənaye məhsulunun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 53,3 faiz artaraq 291 milyon manat olub və 101 milyon manatdan çox artım qeydə alınıb. Ümumi məhsulun tərkibində qeyri-dövlət sektorunun payı isə 85 faizdən çox təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 15-də Sumqayıt şəhərində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub. Həyata keçirilən tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çox - 3987 yeni iş yeri açılıb.
Diqqətə çatdırılıb ki, şəhərdə 300 binanın dam örtüyünün təmir olunmasına vəsait ayrılması üçün Sərəncam imzalanıb. 11 mikrorayon və 10 məhəllə ərazisində 200 binanın dam örtüyünün yenidən qurulması işləri başa çatdırılıb və növbəti 100 binanın dam örtüklərinin təmiri işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, Prezidentin Sərəncamı ilə ayrılmış vəsait hesabına Sumqayıt şəhərində çoxmərtəbəli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi işləri davam etdirilir. Həmin vəsait hesabına 200 lift yenisi ilə əvəzlənir və bu sahədə yaxın dövrdə əhalinin problemləri tam həll olunacaq. Artıq sonuncu liftlərin quraşdırılması işləri aparılır.
Bundan əlavə, Heydər Əliyev və Azərbaycan küçələrində yerləşən, memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən yaşayış binalarının fasadları və eyvanları yüksək zövqlə üzlənib, 43 yaşayış binasının fasadının rənglənməsi işləri başa çatdırılıb, 38 binada isə işlər davam etdirilir. Heydər Əliyev Mərkəzinin, Şahmat və Musiqi məktəblərinin binalarının tikinti işləri yekunlaşır, Sumqayıt Dövlət Dram Teatrının əsaslı təmiri başa çatıb. İlin birinci yarısında şəhərdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində kompleks tədbirlər davam etdirilib. Sülh küçəsi boyunca ümumi uzunluğu 4 kilometr, eni 14 metr olan ikitərəfli yolda tikinti işləri yekunlaşmaq üzrədir.
Sumqayıtın ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan yeni Dənizkənarı Bulvar Kompleksində və Sahil parkında istinad divarı tikilib, 4200 kilometr uzunluğunda yolun özülü qoyulub, yerə tamet döşənib.
Hesabat məruzəsi ətrafında çıxış edənlər bildiriblər ki, cari ilin birinci yarısında həyata keçirilən layihələr, qazanılan uğurlar ili layiqincə sona çatdırmaq üçün etibarlı zəmin yaradır.
Yığıncaqda Prezident İlham Əliyevə müraciət qəbul olunub.