CƏMİYYƏT
Suraxanıda uşaqlar öz bayramlarını böyük sevinclə qeyd ediblər
Bakı, 31 may, AZƏRTAC
Bakının Suraxanı rayonundakı Heydər Əliyev Parkında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, xüsusi tərtibatla bəzədilmiş parkda keçirilən tədbirdə aztəminatlı və məcburi köçkün ailələrinin uşaqları, valideyn himayəsindən məhrum olan, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin rayon ərazisində yerləşən uşaq bağçalarının sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov uşaqları salamlayaraq onları bayram münasibətilə təbrik edib. Dünyanın hər yerində, o cümlədən Azərbaycanda uşaqların qorunmasının xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva uşaqlara daim diqqət və qayğı göstərirlər.
Sonra uşaqlar amfiteatrı olan meydanda konsert proqramı ilə çıxış ediblər.
Daha sonra uşaqlar bayram münasibətilə təşkil olunmuş şən startlarda 6 idman növü üzrə mübarizə aparan komandaların yarışını izləyiblər, Heydər Əliyev Mərkəzinin “Rəsm” studiyası üzvlərinin asfalt üzərində tabaşirlə çəkdikləri rəsmlərə həvəslə baxıblar.
Münsiflərin müəyyənləşdirdiyi qaliblər mükafatlandırılıblar.