İQTİSADİYYAT
Tatyana Mixaleva: “AITF” sərgisi turizm istiqamətlərinin populyarlaşdırılmasına kömək edir
Bakı, 8 aprel, AZƏRTAC
Ötən yay mövsümündə Bakı və Barselona şəhərləri arasında birbaşa aviareyslərin açılması, eləcə də təklif etdiyimiz turizm istiqamətinin Azərbaycan bazarında təbliğ edilməsi son illər Kataloniyanı tanınmış və populyar istiqamətə çevirib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən “AITF” sərginin iştirakçısı olan Kataloniya Turizm İdarəsinin (Catalan Tourist Board) Şərqi Avropa ölkələri üzrə meneceri Tatyana Mixaleva deyib.
“Biz “AITF” sərgisində Azərbaycan turistlərinin yaxşı tanıdıqları və paytaxtı Barselona şəhəri olan Kataloniya (İspaniya) Muxtar Vilayətini təqdim edirik. Bizim stenddə Kataloniya bölgəsinin bir sıra regionları - Kosta-Dorado rayonunun cənub sahilləri, xüsusilə də geniş “Salou” kurortu, eləcə də iştirak edən üç şirkət - “Novovira”,“Ankodes” və “Etsas” haqqında məlumat əldə etmək mümkündür. Kataloniya Aralıq dənizi və Pireney dağlarının, eləcə də bir sıra tarixi və mədəni abidələrin qonşuluğunda yerləşən unikal regiondur. Bu il Kataloniyada “Qastronomiya və Enoturizm ili”, yəni milli mətbəx və çaxırçılıq ili elan edilib və biz bölgənin bu ənənələri barədə sərgi ziyarətçilərinə ətraflı məlumat veririk”, - deyə T.Mixaleva bildirib.
O deyib: “Bu, bizim “AITF” sərgisində ilk iştirakımız deyil və biz bu il yubiley sərgidə məmnuniyyətlə iştirak edirik. Bu tədbir bizim üçün nüfuz məsələsidir və burada turizm istiqamətinin populyarlaşdırılması həyata keçirilir. Qeyd etmək istərdim ki, bizi həm yerli turizm agentlikləri, həm də son istehlakçılarla, yəni turistlərlə görüşlər maraqlandırır”.