REGİONLAR
Tələbələr Naxçıvan Dövlət Rəsm Qalereyasına ekskursiya ediblər
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) incəsənət fakültəsinin tələbələri Naxçıvan Dövlət Rəsm Qalereyasına ekskursiya ediblər.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, qalereyanın direktoru, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Hökümə Məmmədli tələbələri salamlayaraq, qalereyanın yaranma tarixi və eksponatlar haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, Naxçıvan Dövlət Rəsm Qalereyası 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Qalereyanın yaradılmasında məqsəd muxtar respublikada yaşayıb-yaradan rəssamların müxtəlif janrlarda işlədikləri əsərlər haqda rəsm həvəskarlarına məlumat vermək, rəsm əsərlərini qoruyub saxlamaq və gələcək nəslə çatdırmaqdır.
Hazırda qalereyanın fondunda portret, mənzərə janrlarında, eləcə də toxuma işləri, büstlər olmaqla, 70-dən çox rəssamın 400-ə yaxın sənət əsərinin mühafizə olunduğunu bildirən Hökümə Məmmədli deyib ki, bunlardan 80-i ekspozisiya zalında sərgilənir. Sərgidə yerli rəssamlarla yanaşı, xarici rəssamların əsərləri də yer alıb. Qalereyanın Naxçıvan diyarının tarixi-mədəniyyət abidələrini, təbiət gözəlliklərini, eləcə də ulu öndər Heydər Əliyevə həsr olunmuş, Azərbaycanın müstəqillik tarixini əks etdirən rəsm əsərlərindən ibarət guşələri qonaqların böyük marağına səbəb olur.
Naxçıvan Xalça Muzeyi tərəfindən hədiyyə edilən, XX əsrə məxsus rəngli saplarla toxunmuş xalçalar ekspozisiyaya daha bir gözəllik bəxş edir. Burada, həmçinin 2012-ci ildən başlayaraq Naxçıvanda keçirilən “Naxçıvan – Bəşəriyyətin beşiyi” adlı beynəlxalq rəsm festivallarında iştirak edən xarici ölkə rəssamlarının hədiyyə etdikləri əsərlər də ayrı guşədə sərgilənir.
Ekskursiyanın sonunda xatirə şəkli çəkdirilib.