REGİONLAR
Tərtərdə yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə olunub
Tərtər, 9 sentyabr, AZƏRTAC
Tərtərdə rayon müəllimlərinin 2015-2016-cı dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr olunan ənənəvi sentyabr konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun təhsil işçiləri əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyub, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Mədəniyyət Mərkəzində keçirilən konfransda ötən tədris ilində görülən işlər ətraflı təhlil edilib, qarşıda duran vəzifələrdən danışılıb. Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyevin məruzəsində bildirilib ki, 2015-2016-cı dərs ilində rayonda 47 ümumtəhsil məktəbi fəaliyyət göstərib, 9387 şagirdin təlim-tərbiyəsi ilə 1240 müəllim məşğul olub. Rayonun orta ümumtəhsil məktəblərini bitirən 669 məzundan 350 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 193 nəfər ali, 84 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olub. Gənclərdən 7 nəfər 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplayıb. Bundan başqa, 5 nəfər ali hərbi məktəbə, 3 nəfər isə C.Naxçıvanski adına liseyə qəbul olub.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Təhsil Problemləri İnstitutunun əməkdaşı Şükür Qəribov təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, respublikamızda, o cümlədən Tərtər rayonunda təhsilin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, pedaqoji kollektivin qarşısında duran vəzifələrdən danışıblar.
Sonda bir qrup təhsil işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.