DÜNYA
“Tesla Motors” 3 ildən sonra mənfəət əldə edə bilib
Bakı, 28 oktyabr, Elvin Camalov, AZƏRTAC
“Tesla Motors” 3 ildən sonra mənfəət əldə edə bilib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, dünyanın ilk və ən böyük elektrik avtomobil istehsalçısı “Tesla Motors” 2016-cı ilin III rübündə 21,9 milyon dollar xalis mənfəət əldə edib.
Ötən il şirkət bu dövrü 230 milyon dollar zərərlə başa vurub.
Analitiklər “Tesla”nın hər bir səhminin 54 sent ucuzlaşacağını proqnozlaşdırdığı halda, şirkət hər səhmdən 74 sent mənfəət əldə etdiyini açıqlayıb.
“Tesla” həmçinin III rübdə satış hədəfi olan 24 min 500 avtomobildən 321 ədəd və ya 1,3 faiz daha çox avtomobil satmağa müvəffəq olub.
Qeyd edək ki, “Tesla” ancaq bir dəfə - 2013-cü ildə xalis mənfəət əldə edib. Analitiklər şirkətin itkilərlə fəaliyyət göstərəcəyini ehtimal etsələr də, “Tesla” xalis mənfəət əldə etməyi bacarıb.