İQTİSADİYYAT


Türk Akkreditasiya Qurumu SOCAR-ın Kompleks Tədqiqatlar Laboratoriyasında audit yoxlaması keçirib

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

Türk Akkreditasiya Qurumunun nümayəndələri tərəfindən SOCAR-ın Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasında (KTL) növbəti audit yoxlaması keçirilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, audit zamanı laboratoriyada ümumi iş şəraitinin, nümunələrin qəbulu, saxlanılması, qeydiyyatı, metalların və biogen elementlərin təhlili proseslərinin təsdiq olunmuş prosedurlara uyğunluğu yoxlanılıb. Auditorlar tərəfindən KTL-də akkreditasiya sahəsinin genişləndirilməsi ilə əlaqədar içməli su, dəniz suyu, lay suyu nümunələrində xlor, sulfat, maqnezium, kalsium ionlarının, ümumi codluq, ümumi qələvilik kimi kimyəvi və “Escherichia Coli”, “Total Coliforms” kimi mikrobioloji analizlərin təhlili qaydalarının ardıcıllığı izlənilib və təhlil prosesi üzrə sənədləşmələrin standartın tələblərinə uyğunluğu yoxlanılıb.

Türk Akkreditasiya Qurumu nümayəndələri proqrama uyğun olaraq Ekologiya İdarəsinin rəhbərliyinin və KTL əməkdaşlarının iştirakı ilə toplantı keçirib, auditin nəticələri barədə məlumat veriblər. KTL-də yerinə yetirilən işlərin İSO/İEC 17025:2010 standartının tələblərinə tam uyğun aparıldığı qeyd edilib və laboratoriyanın bu istiqamətdə fəaliyyətinin daha da genişləndirilməsi tövsiyə olunub. Laboratoriya yenidən Akkreditasiya attestatı alıb.

Kompleks Tədqiqatlar Laboratoriyası beynəlxalq standartların tələblərinə cavab verən fəaliyyətinin genişləndirilməsi istiqamətində işlərini davam etdirir. Laboratoriya Türk Akkreditasiya Qurumunun İSO/İEC 17025 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına əsasən 2012-ci ildə içməli su, dəniz suyu, lay suyu, torpaq nümunələrində metalların analizi, 2014-cü ildə isə içməli su, dəniz suyu, lay suyu, torpaq nümunələrində biogen elementlərin analizi üzrə Akkreditasiya attestatını alıb. Standartın tələblərinə uyğun olaraq akkreditasiyadan keçirilən laboratoriyalarda hər il təkrar audit yoxlamaları aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.