DÜNYA
Türkiyə energetika sahəsində layihələrdən imtina etməyəcək
Bakı, 3 sentyabr, AZƏRTAC
Türkiyə xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Ayişə Sinirlioğlu bildirib ki, onun ölkəsi energetika sahəsində layihələrdən, o cümlədən “Türkiyə axını” qaz kəmərindən imtina etməyəcək.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Sinirlioğlunun sözlərinə görə Türkiyə bərpa olunan enerji mənbələri ilə bağlı layihələrin icrasını davam etdirəcək. Xanım Sinirlioğlu deyib: “Türkiyəyə enerji lazımdır və biz çox istərdik ki, bu layihə də, digər oxşar layihələr də həyata keçirilsin”.
Sinirlioğlunun sözlərinə görə energetika sahəsinə investisiya məsələsi “Böyük iyirmilik” ölkələrinin (G20) energetika nazirlərinin danışıqlarının mühüm aspektlərindən biri olacaq. Xatırladaq ki, G20-də sədrlik bu il Türkiyəyə keçib.
Nazir müavini daha sonra deyib: “Hazırda qəribə bir mənzərə yaranıb: enerji daşıyıcılarının qiymətləri düşür, sərmayədarların bir qismi bazarı tərk edir, lakin energetika sahəsinə investisiyaların zəruriliyi əvvəlki kimi aktualdır. Üstəlik, Türkiyənin iştirak etdiyi bir sıra enerji layihələri avropalı istehlakçılar üçün nəzərdə tutulur. Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, qlobal iqtisadiyyatın enerjiyə tələbatı artacaq”.
“Türkiyə axını” layihəsinə əsasən, RF ərazisindən Qara dənizdən keçməklə Türkiyəyə qaz kəməri çəkilməsi nəzərdə tutulur. Kəmərin gücü ildə 63 milyard kubmetr qaz nəql etməyə imkan verəcək. Qaz kəmərinin hər birinin istehsal gücü ildə 15, 75 milyard kubmetrə bərabər olmaqla dörd xətdən ibarət olması nəzərdə tutulur. Birinci xətt ilə nəql ediləcək qaz bütünlüklə Türkiyə bazarı üçün nəzərdə tutulur. Qalan qaz Türkiyə-Yunanıstan sərhədinə çatdırılacaq. Orada qazpaylaşdırma şəbəkəsi yaradılması planlaşdırılır. Qaz kəmərinin tikintisinə bu il iyun ayında başlamaq nəzərdə tutulurdu, lakin bu layihə hələ də müzakirə mərhələsindədir.