CƏMİYYƏT
Umud Mirzəyev: Milli Mətbuat Günü ərəfəsində jurnalistlərin evlə təmin olunması yüksək dövlət qayğısının bariz nümunəsidir
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələrinə mənzillərin verilməsi ilə bağlı göstərişi ölkəmizin media və vətəndaş cəmiyyətinə olan dövlət qayğısının bariz nümunəsidir.
Bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev AZƏRTAC-a müsahibəsində deyib.
Fondun prezidenti bildirib ki, bu gün Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası əsasında mühüm layihələr icra edilir. Onlardan biri də məhz jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün atılan addımlardır. Əminliklə deyə bilərəm, Azərbaycan dünyada yeganə ölkədir ki, mətbuat nümayəndələrini mənzillə mükafatlandırmaq kimi təcrübəyə malikdir. Hesab edirəm ki, ölkə rəhbərliyi tərəfindən jurnalistikaya göstərilən bu diqqət və qayğı dünyanın digər ölkələrində sosial dövlət modeli olaraq tətbiq ediləcəkdir. Milli Mətbuat Günü ərəfəsində dövlətimizin başçısının mətbuat nümayəndələri ilə bir araya gəlməsi, onlarla yaxından səmimi söhbəti, eləcə də dünyada və ölkəmizdə media sahəsindəki vəziyyətlə bağlı çox dərin bilgilərə əsaslanan önəmli açıqlamaları günümüzün ən aktual məsələlərinə aydınlıq gətirdi. Jurnalistlər üçün növbəti yaşayış binasının inşası üçün iyulun 19-da Prezidentimiz tərəfindən müvafiq vəsaitin ayrılmasına dair tədbirlərin görülməsi üçün Sərəncam imzalandı. Hesab edirəm ki, dövlətimizin jurnalistlərə bu diqqət və qayğısı bundan sonra da neçə-neçə media işçisinə, onların ailələrinə sevinc bəxş edəcəkdir. Bir daha mənzillə təmin olunan həmkarlarımızı ürəkdən təbrik edirəm, Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm.