CƏMİYYƏT
Ürək çatışmazlığı xəstəliyinə həsr olunan sessiya keçirilib
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 10-da Bakıda Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) Avropa Ürək Çatışmazlığı Assosiasiyası (AÜÇA) ilə birgə sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AÜÇA-nın Azərbaycan üzrə baş koordinatoru, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədr müavini Tofiq Cahangirov sessiyanın əhəmiyyətindən danışaraq tədbirin əməkdaşlığın inkişafı yolunda irəliyə doğru atılan mühüm addım olduğunu və kardiologiyanın inkişafına öz töhfəsini verəcəyini bildirib.
Sonra onun “Atım fraksiyası saxlanılmış ürək çatışmazlığı: yeniliklər varmı?” mövzusunda məruzəsi dinlənilib.
Sessiyada AÜÇA -nın keçmiş prezidenti, Afina Universitetinin ürək çatışmazlığı bölməsinin direktoru Gerasimos Filippatosun “Ürək çatışmazlığında gözdən qaçan məqamlar”, AÜÇA-nın idarə heyətinin üzvü, Volqoqrad Tibb Universitetinin kardiologiya və funksional diaqnostika kafedrasının müdiri Yuriy Lopatinin “Ürək çatışmazlığının profilaktikası:Avropa tövsiyələri nədən danışır?” mövzularında məruzə ediblər.
Sessiya müzakirələrlə davam etdirilib.