CƏMİYYƏT


Valideyn himayəsindən məhrum uşaqların IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiyası təşkil edilib

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı şəhərindəki 3 saylı uşaq evində tərbiyə alan uşaqlar üçün IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya və tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbir zamanı uşaqlar ev heyvanları və IDEA Heyvanlara Qayğı Mərkəzinin fəaliyyəti ilə tanış olub, mərkəzdə saxlanılan it və pişiklərlə oynamaq imkanı əldə ediblər.

IDEA Heyvanlara Qayğı Mərkəzində təşkil edilən bu aksiya valideyn himayəsindən məhrum uşaqlar üçün əyləncə olmaqla yanaşı, həmçinin onlarda erkən yaşlardan heyvanlara rəğbət, qayğı hisslərinin aşılanmasına, humanist yanaşmanın formalaşmasına xidmət edir.

Aksiya zamanı şən klounların əyləndirdiyi uşaqlar üçün nahar təşkil olunub, Heydər Əliyev Fondu adından hədiyyələr təqdim edilib.

Qeyd edək ki, IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulub. 2016-cı il noyabrın 10-da Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olub. Mərkəzin yaradılmasında əsas məqsəd sahibsiz heyvanların sayının tənzimlənməsi, onlara lazımi qayğının göstərilməsi, bu cür heyvanlarda rast gəlinən xəstəliklərin insanlara keçməsinin qarşısının alınması, eləcə də heyvanlara sahiblənmənin təşviqi və onlara humanist yanaşma ilə bağlı maarifləndirilmə işlərinin həyata keçirilməsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.