İQTİSADİYYAT


Valyuta bazarında əməliyyatların 85 faizi dollarda, 15 faizi digər valyutalarda aparılıb

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC

2016-cı ilin ötən 9 ayı ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə uyğun və Mərkəzi Bankın ötən ilin sonunda elan etdiyi üzən tənzimlənən məzənnə rejimi çərçivəsində formalaşıb.

AZƏRTAC Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti İcmalına istinadla xəbər verir ki, ilin 9 ayı ərzində valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb. Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2.8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.7 dəfə azalıb.

Dövr ərzində valyuta bazarında əməliyyatların 85 faizi ABŞ dollarında, 15 faizi digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 60 faiz hissəsi banklararası valyuta bazarında (BVB), 40 faizi isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 53 faizi bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub.

BDVB-də isə valyuta əməliyyatlarının 93 faizi hüquqi şəxslərə valyuta satışı təşkil edib.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. 2016-cı ilin yanvar-sentyabr aylarında banklar tərəfindən satılan xalis (yəni alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə

müqayisədə 25 dəfə azalaraq 281 milyon ABŞ dolları, avro ilə əməliyyatlar isə 3.3 dəfə azalaraq 193 milyon avro təşkil edib.

Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Mal və xidmət idxalının azalması, habelə, ötən illə müqayisədə dollarlaşmanın səngiməsi xarici valyutanın tələbatına azaldıcı təsir göstərib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.