REGİONLAR
Xaçmazdakı Heydər Əliyev Mərkəzi şəhər sakinlərinin və qonaqların ən çox üz tutduğu məkanlardandır VİDEO
Xaçmaz, 11 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazdakı Heydər Əliyev Mərkəzi şəhər sakinlərinin və qonaqların ən çox üz tutduğu məkanlardandır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin sentyabrın 8-də Xaçmaza səfəri çərçivəsində açılışı olan Heydər Əliyev Mərkəzinin binası əzəmətli görünüşə malikdir. Gün ərzində xeyli ziyarətçi qəbul edən mərkəzin xüsusi işıqlandırma sistemi binanı gecələr daha da yaraşıqlı edir. Bu səbəbdən gecə saatlarında Heydər Əliyev Mərkəzinin əsrarəngiz görünüşündən zövq almaq istəyən çox sayda insanlara rast gəlmək mümkündür.
Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada dahi rəhbər Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara və sənədlərə geniş yer verilib. Mərkəzdə əbədiyaşar liderin həyat və fəaliyyətinə dair tarixi sənədlər də nümayiş etdirilir.
Burada müxtəlif tədbirlərin keçirilməsi üçün böyük konfrans zalı var. Ümumi tikinti sahəsi 1100 kvadratmetr olan mərkəzin binası iki mərtəbədən və müxtəlif təyinatlı bölmələrin fəaliyyət göstərdiyi otaqlardan ibarətdir. Birinci mərtəbədə Heydər Əliyev Muzeyi, sərgi zalı, xalçaçılıq dərnəyi, 300 nəfərlik kino-konsert zalı var. İkinci mərtəbədə isə rəsm studiyası, fotostudiya, elektron kitabxana, kompyuter, rəqs və intellektual oyun dərnəkləri yaradılıb.
AZƏRTAC Xaçmazdakı Heydər Əliyev Mərkəzinin fotolarını təqdim edir.