İQTİSADİYYAT
Xarici gənc sahibkarlar Azərbaycanın bir sıra müəssisələri ilə tanış olublar
Bakı, 4 iyul, AZƏRTAC
Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "Gəncə Avropa gənclər paytaxtı 2016 "Gənc sahibkarların beynəlxalq Forumu" çərçivəsində 12 ölkə təmsilçisi olan iş adamları ilə Gəncədə bir sıra müəssisələrə və tarixi yerlərinə baş çəkiblər.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Serbiya, Belçika, Çexiya, Litva, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və MDB ölkələrinin təmsilçilərindən ibarət olan nümayəndələr "Gəncə Şərab 2", "Gəncə Tekstil" fabriki, "ELBA 999" şirkətlər qrupunda olublar. Qonaqlara şirkətlər barədə müəssisələrin istehsal gücü, idxal qabiliyyəti, istehsal etdikləri məhsulun keyfiyyəti barədə ətraflı məlumat verilib.
Eyni zamanda, qonaqlar Göygöl dövlət təbiət qoruğu və tarixi memarlıq incilərindən sayılan "İmamzadə" dini-mədəniyyət kompleksi, "Çökək hamam" tarixi abidəsi, Cavad xan türbəsi, Nizami Gəncəvi məqbərəsi və bir sıra digər görməli yerlərlə tanış olublar.
Qonaqlar, həmçinin Naftalan şəhərində "Qaşaltı" sağlamlıq və istirahət mərkəzinə gələrək, xəstələrin müalicə şəraiti və neftin müalicəvi metodları ilə ətraflı tanış olublar. Forumun sonuncu günü qonaqlar Bakıda İçərişəhər, Qız qalası, Bayraq Meydanı və s. yerlərlə tanış olublar.
Forumun nəticəsi olaraq, Azərbaycan iş adamları ilə xarici iş adamları arasında informasiya mübadiləsi aparılaraq, əlaqələrin genişlənməsi barədə razılıq əldə olunub.